"Qida Təhlükəsizliyi" Simpoziumu keçirilib
26 Aprel 2024 13:32
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində AQTA və ADA Universitetinin birgə təşkilatçılığı ilə "Qida Təhlükəsizliyi" Simpoziumu keçirilib.
ADA Universitetində baş tutan tədbirdə layihə çərçivəsində görülən işlərə dair hazırlanan tanıtım videoçarxının nümayişi olub.
Simpoziumda Agentlik sədrinin müavini Zəkiyyə Mustafayeva ölkədə qida təhlükəsizliyinin, bitki və heyvan sağlamlığının təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən söz açıb. Bildirib ki, “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası əhali arasında sağlam həyat tərzinin təbliğ olunması və vətəndaşların sağlam qidalanmaya, o cümlədən şəkərin uyğun qaydada istehlak edilməsinə təşviq olunması məqsədilə həyata keçirilir.
Tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova şəkərdən artıq istifadənin insan orqanizmində ürək-damar, ll tip diabet və piylənmə kimi xəstəliklərin yaranma ehtimalına səbəb ola biləcəyini qeyd edib.
Daha sonra açılış nitqi ilə çıxış edən ADA Universitetinin Kənd təsərrüfatı və qida fakültəsinin dekanı Matteo Vittuari Agentliklə Universitet arasında əməkdaşlıq perspektivlərindən danışıb.
Tədbirdə “Şəkərin insan sağlamlığına təsiri” mövzusunda təşkil olunan paneldə AQTA-nın Qida təhlükəsizliyi şöbəsinin müdiri Ramazan Nəbiyev, Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini, həkim Nabil Seyidov, həkim-diyetoloq Tutu Zeynalova və qida üzrə mütəxəssis Fərid Səfərov çıxış edib. “Şəkər istehlakının azaldılması yolları” mövzusunda baş tutan ikinci paneldə Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi Araşdırmalar Mərkəzinin müdiri Deniz Ercan, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin psixi sağlamlıq və psixososial dəstək və qeyri-infeksion xəstəliklər üzrə proqramların rəhbəri dr. Elturan İsmayılov, Nutrisiologiya və Diyetologiya Assosiasiyasının sədri, həkim-diyetoloq İlqar Şamilov, həkim-pediatr Qoşqar İsmayılov, və araşdırmaçı, marketinq eksperti Orxan Şahbaz çıxış edib. Eyni zamanda müvafiq mövzular ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, “Şəkəri azalt, ömrünü uzat!” kampaniyasına qoşulanların sayının artması ilə yanaşı, Agentlik bu məsələ ilə əlaqədar aparılan təbliğat-təşviqat işlərini də genişləndirir. Maarifləndirici məlumatlar, bukletlər və videoçarxlar hazırlanaraq ictimaiyyətə təqdim olunur. Həmçinin məktəbəqədər, ümumi və ali təhsil müəssisələrində görüşlər keçirilir, iri ticarət mərkəzlərində və supermarketlərdə stendlər qurulur.
Oxşar xəbərlər
Tərtərdə nöqsanlar aşkarlanan pendir istehsalı sexinin fəaliyyəti məhdudlaşdırılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Tərtər rayonu, Xoruzlu kəndində fəaliyyət göstərən pendir istehsalı sexində yoxlama keçirilib.
COP29 tədbiri ilə əlaqədar ticarət və ictimai iaşə müəssisələrində monitorinqlər davam etdirilir
Cari ilin 18 may tarixində 11 ticarət və 39 ictimai iaşə müəssisəsində monitorinq keçirilib. Monitorinqlər zamanı 11 ticarət və 38 ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.
Bakıda “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumu keçirilir
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası və Beynəlxalq Bitki Sağlamlığı Günü ilə bağlı Bakıda “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumu işə başlayıb.